“Baku City Residence” Yeni ildə uşaqlara sevinc bəxş etdi

“Baku City Residence” Yeni ildə uşaqlara sevinc bəxş etdi

Onlar dünyaya göz açan gündən həyatla mübarizə aparırlar. Valideyn qayğısından,
ailə istisindən, doğmaların əhatəsindən uzaqdılar. Onlar uzaq qaldıqları istini,
doğmalığı, sevgini hər döyülən qapı səsində, sevgidə, nəvazişdə axtarırlar. Onlar
Uşaq Psixonevroloji Mərkəzinin balaca sakinləri, mələkləridirlər.

Yarandığı gündən korporativ sosial məsuliyyət təşəbbüsləri ilə ön planda olan,
xeyirxahlığı və yardımsevərliyi ilə seçilən “Baku City Residence” şirkəti yeni ildə
daha bir sosial layihəyə imza atdı. “Sevgi paylaşdıqca çoxalır” prinsipini əsas tutan
şirkət əməkdaşları ilə birlikdə dekabrın 26-da Uşaq Psixonevroloji Mərkəzinin
qapısını döydü və bayram sevincini Mərkəzin balaca sakinləri ilə birlikdə bölüşdü.

Qeyd edək ki, tədbirdən öncə Mərkəzin balaca sakinləri Şaxta Babaya istək
məktubları ünvanlamışdılar. “Baku City Residence” isə onların arzularını
reallaşdırdı – uşaqlar həm Şaxta Babanın əyləncəli səhnəcikləri və dialoqları ilə
əyləndilər, həm də bayram şənliyində arzuladıqları hədiyyələri alaraq yeni ilin
möcüzəsinə inandılar.

“Baku City Residence”  gələcəyimiz olan uşaqların  ehtiyaclarını qarşılamaq və
üzlərində təbəssüm yaratmaq məqsədilə sosial aksiyalarını davam etdirəcək.

30 Dekabr 2022 - 13:45

Paylaş

Bütün xəbərlər